BÜTÖV AZƏRBAYCAH XALQ CƏBHƏSİ PARTİYASIHIH

MƏRAMHAMƏSİ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası:
- Tarixi Azərbaycan torpaqlarının Azərbaycan xalqının iradəsinə zidd olaraq Rusiya ilə İran arasında 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən ikiyə bölündüyünü, 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə rus-bolşevik işğalı nəticəsində ləğv edildiyini, xalqımızın uzun müddət totalitar rejimli müstəmləkə əsarətində saxlanıldığını, deportasiyaya, assimilyasiyaya, siyasi hüquqsuzluğa, iqtisadi məhrumiyyətlərə, mənəvi aşınmalara məruz qaldığını xatırladararaq;
- Azərbaycan xalqının Milli Azadlıq mücadiləsi və SSRİ adlanan müstəmləkəçi imperiyanın süquta uğraması nəticəsində tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyini yenidən bərpa etdiyini, Azərbaycan Respublikasının 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu, Azərbaycanın güneyində yaşayan və sayı 35 milyondan çox olan Azərbaycan türklərinin öz tarixi torpaqlarında zülm və əsarət altında yaşadığını qeyd edərək;
- Hər bir xalqın ona məxsus olan coğrafiyada azad, müstəqil yaşamaq, dövlət qurmaq, birləşmək hüququna, beynəlxalq hüquq normaları ilə müəyyənləşdirilmiş insan hüquq və azadlıqları prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı  prinsipinə əsaslanaraq;
- Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının milli, siyasi, iqtisadi, mənəvi, dini, mədəni mənafelərini nəzərə alaraq, İnsanın xoşbəxtliyi, Millətin, Vətənin və Dövlətin yüksəlişi naminə siyasi fəaliyyət göstərir.
Yolumuz azad və daim inkişafda olan vətəndaş cəmiyyəti, hüquqi dövlət yoludur!
Xalqımızı işıqlı sabaha aparan yol Bütövləşmədən, Millətləşmədən və Dövlətləşmədən keçir.

ÜMUMİ PRİNSİPLƏR

1. BAXCP Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması, Azərbaycan xalqının vahid coğrafiyada və bir bayraq altında birləşməsi uğrunda mübarizə aparan şəxslərin bir araya gəldiyi sağ mərkəzçi təmayüllü siyasi təşkilatdır - partiyadır.
2. BAXCP-nin məqsədi Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinə, parlamentarizmin inkişafına, hakimiyyətin ayrı-ayrı qolları arasında dəqiq sərhədlərin müəyyənləşməsinə və qarşılıqlı nəzarətin həyata keçirilməsinə, dövlət idarəçilik sisteminin inkişafına və şəffaflığına, Azərbaycan Respublikasında daim yenilənən islahatlar yolu ilə demokratik prinsiplərin və qanunun aliliyinin tam təmin olunduğu hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna nail olmaqdır.
3. BAXCP istiqlaliyyət və demokratiya yolunu tutmuş bütün siyasi qüvvələrlə əməkdaşlıq edir, xalqı siyasi həyata cəlb edir.
4. BAXCP zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və rədd edir, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq demokratik və hüquqi mübarizənin bütün formalarından istifadə etməyi məqbul sayır.
5. BAXCP Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin ideya-siyasi irsinə - istiqlaliyyət, bütövlük, milli birlik üzərində qurulmuş çağdaş milli demokratiya məfkurəsinə, Azərbaycan Respublikasının dövlət bayrağında öz əksini tapmış ideoloji sistemə, Azərbaycan xalqının demokratik dövlətçilik ənənələrinə istinad edir.
BAXCP Azərbaycanın milli və dövlət mənafeyini, milli təsanüdçülük, dövlətçilik, millətçilik, hüriyyətçilik, cümhuriyyətçilik, insan haqları, xalq hakimiyyəti, qanunun aliliyi prinsiplərini əsas götürür.

BAXCP-nin Məqsəd və Vəzifələri
BAXCP yaxın dövrdə aşağıdakı məqsədlərə çatmağı zəruri hesab edir:
- Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, sərhədlərin toxunulmazlığı, hər cür xarici müdaxilənin və daxili təhdidlərin dəf olunması üçün milli təhlükəsizlik sisteminin inkişafı;
- Dövlət və ictimai həyatın bütün sahələrində dinamik inkişafın təmin olunması üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hazırladığı Konstitusiya İslahatları layihəsinin gerçəkləşdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi;
- Azərbaycanın bütün sərvətlərinin yalnız Azərbaycan xalqına məxsusluğunun, azad bazar iqtisadiyyatına tam və ədalətli keçidin təmin olunması;
- Bölücülük, parçalanma (sinfilik, yerliçilik, məzhəbçilik, tayfabazlıq və s.) siyasətinə qarşı mübarizə və milli həmrəyliyin yaradılması;
- BAXCP-nin Məramnaməsindəki ideyaların xalq kütlələri arasında geniş təbliği.

1. Dövlət və vətəndaş cəmiyyəti quruculuğu, siyasi və hüquqi islahatlar sahəsində

BAXCP aşağıdakı siyasi vəzifələrin yerinə yetirilməsini zəruri hesab edir:
- Çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sisteminə keçid təmin olunması, hökumətin parlament seçkilərində qalib gələn siyasi partiyalar və ya siyasi partiyaların blokları tərəfindən formalaşdırılması üçün müvafiq Konstitusiya islahatlarının həyata keçirilməsi;
- Korrupsiyaya qarşı mübarizə komissiyasının heç bir başqa vəzifə tutmayan müstəqil şəxslərdən ibarət olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında formalaşdırılması;
- Hakimiyyətin ayrı-ayrı qolları arasındakı sərhədlərin dəqiq müəyyənləşdirilməsi, qarşılıqlı və ictimai nəzarət mexanizminin gücləndirilməsi;
- Korrupsiya və rüşvətxorluğa qarşı ciddi və sistemli mübarizə aparılması; 
- Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvülər arasında qarşılıqlı inam və etimada nail olunması.
Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirməlidir:
- Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipini başlıca məqsəd və vəzifə kimi əsas götürmək;
- Bütöv Azərbaycan ideyasını təbliğ etmək, Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;
- Bölgədə sülhün, əminamanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək;
- Azərbaycan-Türkiyə siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək;
- Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq;
- Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək.
Azərbaycan dövləti Azərbaycan Respublikasının ərazi bütövlünü təmin etmək üçün aşağıda qeyd olunan istiqamətlərdə əməli addımlar atmalıdır:
- Hərbi xərcləri dövlət büdcəsinin 25-27 faizi səviyyəsinə çatdıqrmaq;
- Neft Fonduna toplanan vəsaitlərin əhəmiyyətli hissəsini müdafiə sənayesinin inkişafına və ölkənin etibarlı müdafiə qabilliyətinin gücləndirilməsinə yönləndirmək;
- Peşəkar ordu quruculuğu prosesini tez bir zamanda həyata keçirmək;
- Orduya dövlətin və ictimaiyyətin nəzarətini gücləndirmək;
- Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika, silah və sursatla təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görmək;
- “İşğal altında olan Azərbaycan əraziləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə və  Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşdirən Konstitusiya layihəsinin hazırlanmasına nail olmaq;
- İşğal altında olan Azərbaycan torpaqlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən qeyd-şərtsiz azad olunması üçün əməli addımlar atmaq.

2. İqtisadiyyat sahəsində

Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün və Azərbaycan xalqın layiqli həyat səviyyəsinin təmin olunmasının qeyri-enerji sektorunu inkişaf etdirmədən, eləcə də güclü və dinamik inkişaf edən iqtisadiyyat yaratmadan mümkün olmadığını dərindən anlayan BAXCP Respublikanın təbii şəraitini, coğrafi mövqeyini, tarixi-ənənəvi və milli xüsusiyyətlərimizi nəzərə alaraq iqtisadiyyatımızın inkişafı üçün aşağıdakıların həyata keçirilməsini zəruri sayır:
- Azad bazar iqtisadiyyatı modelinin inkişaf etdirilməsi və ədalətli rəqabət mühitinin yaradılması;
- İqtisadi azadlıqların təmin edilməsi;
- Sosial hüquqlarla əhatə olunmuş, sığortalanmış, azad və ədalətli rəqabət əsasında formalaşmış bazar iqtisadiyyatı mexanizminin həyata keçirilməsinə nail olunması;
- Özəl sektorun və sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılması;
- Kənd təsərrüfatının inkişafına dövlət yardımının genişləndirilməsi;
- Mülkiyyətin toxunulmazlığının təmin olunmalısı;
- İqtisadiyyatın və dövlət büdcsinin neft və qaz amilindən asılılığının azaldılması üçün məqsədyönlü proqramların qəbul edilməsi və həyata keçirilməsi;
- Yerli özəl bankların inkişafına üstünlük verilməsi, Neft Fonduna daxil olan vəsaitlərin bir hissəsinin yerli banklarda saxlanılması;
- Neft siyasətinin ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə və gücləndirilməsinə xidmət etməsinin təmin olunması;
- Dövlət Neft Fondunun (NF) fəaliyyətində şəffaflığın və vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün Neft Fondunun Müşahidə Şurasının tərkibinin yarısı parlamentdə təmsil olunan müxalifət partiyalarının təqdim etdiyi şəxslərdən və müvafiq ixtisasa malik ictimaiyyət nümayəndələrindən təşkil olunması;
- Neft Fondunun vəsaitlərindən yalniz parlamentin qərarı ilə istifadə olunmasının təmin edilməsi;
- Dövlət Nef Şirkətinin Azərbaycan Respublikasının vətəndaşları arasında özəlləşdirilməsi;
- Qaz, su, elektrik enerjisi üzrə xitmət sahələrinin özəl sektora verilməsi;
- İqtisadiyyatın hərtərəfli və etibarlı inkişafı üçün neft sektorundan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi;
- Kiçik və orta sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması;
- Ölkəyə gələn və iqtisadiyyata qoyulan kapitalın təhlükəsizliyinə tam təminat verilməsi, öz kapitallarını xarici banklara yerləşdirmiş Azərbaycan vətəndaşlarının Azərbaycana sərmayə qoymaları üçün onlara təhlükəsiz şərait yaradılması;
- Genişmiqyaslı iqtisadi amnistiyanın elan edilməsi və gəlirlərin leqallaşdırılması barədə xüsusi qanunun qəbul olunması;
- Kölgə iqtisadiyyatına son qoymaq məqsədilə hər bir vətəndaşa qanunun qüvvəyə minməsindən keçən 6 ay ərzində öz gəlirlərinin və əmlaklarının mənşəyini göstərmədən müvafiq dövlət qurumlarına məlumat vermək hüququnun tanınması;
- Ölkədə milli və işgüzar sahibkarlar təbəqəsinin formalaşmasına və inkişafın üçün hərtərəfli şəraitin yaradılması;
- Kənd rayonlarında yaradılan istehsal və emal müəssisələrinə uzunmüddətli vergi güzəştlərinin tətbiq olunması;
- İstehsalçıların maliyyə resursları, texnika və yanacaqla təminatı sisteminin təşkil olunması, fermerlərə, iş adamlarına əlverişli şərtlərlə və uzunmüddətli kreditalma imkanlarının yaradılması;
- Fəaliyyəti dayandırılmış və dövlətin balansında perspektivsiz obyektlər kimi qalmış orta və iri müəssisələrin yenidən müasir texnologiylarla işə salınması, yeni iş yerləri açmaq və hazır məhsul buraxmaq şərtilə güzəştli qiymətlərlə sahibkarlara verilməsi;
- Ölkənin ərzaq təhlükəsizliyi təmin olunması, tələbatın yerli istehsal hesabına ödənilməsinə üstünlük verilməsi, xaricdən idxal olunan məhsulların keyfiyyətinə dövlət və ictimai nəzarətin gücləndirilməsi;   
- Daxili bazarın və milli istehsalçıların mənafelərinin qorunması, yerli istehsal və ixracın stimullaşdırılması;
- Gizli iqtisadiyyatın qarşısının alınması üçün vergi intizamının gücləndirilməsi;

3. Sosial sahə

BAXCP cəmiyyətin hər bir üzvünün layiqli yaşayışını təmin etmək üçün sosial sahədə aşağıdakı məsələlərin həllini zəruri sayır:
- Əhalinin sosial müdafiəsinin təşkili məqsədilə sahə və peşə birliklərinin, azad həmkarlar təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi;
- Azərbaycanda demoqrafik və milli xüsusiyyətləri nəzərə alaraq, cəmiyyətin ilkin əsası kimi gələcək nəsillərin tərbiyəsinin təməlini təşkil edən, milli mədəniyyətin ötürücüsü və mənəviyyatın formalaşmasında mühüm əhəmiyyəti olan ailənin dövlət tərəfindən qorunması və təminatı üçün hərtərəfli şəraitin yaradılması;
- Miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsi, əmək ehtiyatlarının respublikanın ayrı-ayrı regionlarının, sahə və təsərrüfatlarının tələbatına uyğun bölüşdürülməsi;
- Sərhəd rayonlarında əlverişli sosial-təminat və sosial-demoqrafik siyasətin həyata keçirilməlisi;
- Əmək qabiliyyəti olan hər bir vətəndaşa işləmək və qazanmaq imkanının yaradılmalısı;
- Sosial müdafiəyə ehtiyacı olan təbəqələrin (qaçqın və köçkünlər, əlillər, kimsəsiz uşaqlar və s.) dövlətin himayəsinə alınması;
- Səhiyyə obyektlərinin özəlləşdirilməsinə və məcburi tibbi sığortanın tətbiqinə başlanılması;
- Pensiyaların indeksasiyasının müntəzəm şəkildə və bazar qiymətlərinə uyğun olaraq aparılması;
- Büdcə təşkilatlarında çalışan şəxslərin əmək haqlarının respublikadakı orta əmək haqqı səviyyəsinə çatdırılması;
- Öncə İsan amilinə söykənən vahid və ədalətli əmək haqqı siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi.

4. Demokratiya və insan hüquqları sahəsində

BAXCP cəmiyyətin demokratik inkişafı üçün aşağıdakı məsələlərin həlli uğrunda mübarizə aparır:
- Qanunun aliliyinin, dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun qarşısında bərabərliyinin təmin olunması;
- Qanunları qəbulu zamanı xalqın milli-mənəvi xüsusiyyətlərinin gözlənilməsi, mövcud qanunların və hüquq normalarının daha da demokratikləşməsinə və vətəndaşların maraqlarına xidmət etməsinə səy göstərilməsi, hər kəsin qanun qarşısında bərabərliyinin, insan hüquqlarına hörmət prinsiplərinin əsas götürülməsi, köklü məhkəmə islahatlarının həyata keçirilməsi, andlı iclasçılar institutunun tətbiq olunması, hakimlərin ömürlük seçilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımların atılması;
- İctimai birliklərin, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin qanunla müəyyən olunmuş qaydada yaranması və fəaliyyəti üçün bərabər şəraitin yaradılması və onların inkişafı üçün əməli addımların atması;
- Məhkəmə-Hüquq Şurasının hakimlərin özünüidarə orqanı kimi üzlərinin yarısı hakimlərdən, digər yarısı isə vəkillərdən və hüquq sahəsində yalnız elmi-pedoqoji fəaliyyətlə məşğul olan şəxslərdən ibarət olmaqla yenidən formalaşdırılması və bu qurumun icra hakimiyyəti orqanlarından asılılığına son qoyulması;
- Beynəlxalq normalarla müəyyənləşmiş insan hüquqlarının həyata keçirilməsinə siyasi, iqtisadi, hüquqi, təşkilati və mənəvi zəmin hazırlanması;
- Vətəndaşların siyasi hüquqlarının, seçmə və fəaliyyət azadlıqlarının, sosial hüquqlarının, şəxsi mənafe və maraqlarının qorunması mexanizminin inkişaf etdirilməsi.

5. Mədəniyyət, təhsil və elm

BAXCP mədəniyyət, təhsil və elm sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsini vacib hesab edir:
- Milli mədəniyyətin inkişaf konsepsiyası hazırlanması;
- Mədəniyyət, təhsil və elm üzərində inzibati-bürokratik idarəçilik sisteminin aradan qaldırılması, uyğun nazirlik və qurumlara, müstəqil yaradıcı ittifaqları və birliklərinə, təhsil orqanlarına yalnız əlaqələndirmə və maliyyələşdirmə səlahiyyətinin verilməsi, təşəbbüskarlıq üçün geniş şəraitin yaradılmalısı;
- Ali təhsil müəssisələrinin özəlləşdirilməsi və tələbələrə təhsil kreditlərinin verilməsi istiqamətində ölkənin və vətəndaşların real sosial-iqtisadi vəziyyətinə uyğun müvafiq addımların atılması;
- Mədəniyyət tariximizin öyrənilməsi, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərə və tarixi əhəmiyyətə malik abidələrin - miniatürlərin, xalçaların, əlyazma kitablarının, sənədlərin və s. Azərbaycana qaytarılması, tarixi yaddaşımızın salnaməsi olan milli mədəniyyətimizin tətbiqi və təbliği üçün dövlət maliyyələşməsinin artırılması, maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı dövlət orqanlarının və vətəndaşların məsuliyyətini artıran hüquqi normaların müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsi;
- Azərbaycan mədəniyyətinin və tarixinin ümumtürk mədəniyyətinin və tarixinin tərkib hissəsi kimi öyrənilməsi, türk xalqlarının tarixi, mədəniyyətinin, mənəviyyatının sistemli və hərtərəfli araşdırılması, vahid əlifba və ümumi ədəbi dil ənənəsinin bərpa edilməsi, daimi informasiya mübadiləsinin təmin olunması;
- Azərbaycan türklərinin milli və mədəni bütövlüyünü təmin etmək məqsədi ilə Azərbaycan türklərinin yaşadığı bütün ölkələrlə iqtisadi, siyasi, mədəni və elmi-texniki əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan xalqının tarixini, mədəniyyətini, mənəviyyatını və s. vəhdətdə öyrənmək üçün əlaqəli tədqiqatların aparılması, birgə mədəni cəmiyyətlərin yaradılması, tarixi abidələrin bərpası üçün qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə mədəni-kütləvi və idman tədbirlərinin həyata keçirilməsi;
- Xalqımızın Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan övladlarının milli kökdən ayrılmaması, milli və mənəvi dəyərlərimizi qoruya bilməsi üçün onların Vətənlə hərtərəfli əlaqələrinin təmin edilməsi;
- Hər bir vətəndaşımıza öz intellektual potensialını və bacarığını reallaşdırmaq üçün münbit və bərabər şəraitin yaradılması;
- Azərbaycan dilinin və ədəbiyyatının, musiqimizin, təsviri incəsənətimizin, eləcə də mədəniyyətimizin digər sahələrinin inkişafı və təbliği istiqamətində fəaliyyətin genişləndirilməsi;
- Azərbaycanın öncül dünya dövlətləri arasında layiqli yer tuta bilməsi üçün çağdaş dünya elm və texnikasının uğurlarına və Azərbaycanın elmi ənənələrinə əsaslanan elmin inkişaf konsepsiyasının hazırlanaraq həyata keçirilməsi;

6. Gənclər və idman siyasəti sahəsində
BAXCP-nin gənclər və idman siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- Milli-mənəvi dəyərlərə bağlı olan, müasir texnologiya və dünya mədəniyyətini mənimsəmiş, Vətənini, xalqını və dövlətini sevən, həyatın bütün çətinliklərinə hazır olan bir nəslin tərbiyə olunması üçün təhsil sistemində köklü islahatların aparılması;
- «Dövlət gənclər siyasəti haqqında» və “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası Qanunlarının bütün müddəlarının həyata keçirilməsinə nail olunması; 
- Gənclərin vətənpərvərlik, azərbaycançılıq, türkçülük, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
- Cəmiyyətin ictimai-siyasi, sosail-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması;
- Gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi;
- Gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;
- Gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
- Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması;
- Olimpiya Komplekslərinin təyinatları üzrə fəaliyyət istiqamətləri qorunub saxlanılmaq şərtilə özəlləşdirilməsi;
- Olimpiya idman növləri ilə yanaşı milli və türk xalqlarına məxsus olan idman növlərinin inkişaf etdirilməsi;

7. Yerli idarəetmə qurumları sahəsində

BAXCP yerli idarəetmə qurumlarının inkişafını və onların ölkə həyatının bütün sahələrində çevik iştirakını təmin etmək üçün aşağıdakı addımların atılmasını zəruri sayır:
- Bələdiyyələrin səlahiyyətlərinin artırılması;
- Bələdiyyələrə yerli hakimiyyət orqanları statusunun verilməsi;
- Bakı və Gəncə böyük şəhər bələdiyyələrinin yaradılmasını.

8. Mənəviyyat və Din

- Milli mənəviyyatımızın elmi əsaslarla geniş şəkildə araşdırılması və o, milli dövlət quruculuğumuzun, iqtisadi inkişafımızın və mədəni yüksəlişimizin təməl sütunu kimi qəbul olunması;
- Milli mənəviyyatımızın pozucu yad təsirlərdən qorunması, mənəviyyatsızlığa, milli tarix şüurumuza, milli əxlaqımıza zidd, bayağı "dəyər"lərin yayılmasına qarşı əməli iş aparılması, maddi və mədəni dəyərlərimizin təbliğinə ciddi diqqət yetirilməsi;
- Mənəviyyatımızın formalaşmasında əsas əmillərdən olan vicdan azadlığının - din və dünyagörüş azadlıqlarının gerçəkləşdirilməsinə imkan yaradan, dindarların öz mənəvi borclarını yerinə yetirməsi üçün hər cür şərait yaradılmasını nəzərdə tutan, etiqad müxtəlifliyini və din ayrılığına dözümlülüyü qəbul edən, başqa dinlərə mənfi münasibət bəsləməyi insanlığa, humanizmə zidd düşüncə sayan, ayrı-ayrı din və təriqətlər arasında kəskin qarşıdurmanı bəşəriyyət əleyhinə cinayət hesab edən, hər cür fanatizmi, xurafatı rədd edən, bütün dinlərin azad inkişafına təminat verən xüsusi proqramın hazırlanaraq həyata keçirilməsi;
- Dinin siyasiləşməsinin qarşısı alınması, bütün dövlət idarə, müəssisə və təşkilatlarında çalışan və təhsil alan vətəndaşların bu qurumların daxilində dini atributlardan istifadə etmələrinin qadağan olunması.

7. Ekologiya

BAXCP ekoloji sahədə aşağıdakı məsələlərin həllini vacib sayır:

- Respublikada sağlam ekoloji mühitin yaradılması, insanın və cəmiyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi;
- Təbiətin mühafizəsi, flora və faunanın qorunması, atmosferin çirklənməsinin qarşısının alınması və s. üçün konkret tədbirlər hazırlanması və həyata keçirilməsi;
- Ətraf mühitin qorunması ilə bağlı BMT-nin "İnkişaf və ətraf mühitin mühafizəsi" komissiyasının hazırladığı "Uzunmüddətli və sabit inkişaf" konsepsiyasına və digər beynəlxalq normalara əməl olunmasına çalışılmalı, bu sahədə müəssisələrin fəal iştirakının stimullaşdırılması, dövlətin, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətini artıran qanunvericilik aktlarının müəyyənləşdirilməsi;
- Ekoloji cəhətdən təhlükəli obyektlərin ləğvi;
- Mükəmməl ekoloji nəzarət və mühafizə sisteminin yaradılması;
- Ekoloji problemlərlə bağlı beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi;
- Ölkə əhalisinin təmiz içməli suya olan ehtiyacının ödənilməsi üçün müvafiq proqramın hazırlanaraq həyata keçirilməsi;