BÜTÖV AZƏRBAYCAN
XALQ CƏBHƏSİ PARTİYASI

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Xalq Cəbhəsi (AXC), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Azərbaycan Milli Azadlıq Hərəkatının çoxsaylı fəallarının iradəsi və təşəbbüsü ilə yaradılmış, 1918-ci il mayın 28-də elan olunmuş və 1920-ci il aprelin 28-də rus-bolşevik işğalı nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarına və dövlətçilik modelinə söykənən siyasi konsepsiayaya malik sağ mərkəzçi partiyadır.

 

BÜTÖV AZƏRBAYCANA APARAN YOL

Azərbaycan Milli Azadlıq Hərəkatının dalığasında hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi ölkənin idarə olunmasında iştirak edən şəxslərin aşırı siyasi ambisiyaları, şəxsi maraqları və separatçı davranışları nəticəsində vahid bir təşkilat olaraq öz mövcudluğunu qoruyub saxlaya bilmədi. AXC rəhbərliyində təmsil olunan Azərbaycan parlamentin sədri İsa Qəmbər öncə Şimali Azərbaycan Demokrat Partiyasını, daha sonra Müsavat Partiyasını, onun müavini Tamerlan Qarayev Doğru Yol Partiyasını, daxili işlər naziri İskəndər Həmidov Milli Demokrat (Bozqurd) Partiyasını, mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasını yaratdılar. AXC hakimiyyətində təmsil olunmayan, lakin vaxtilə Xalq Cəbhəsinin rəhbərliyində olan Etibar Məmmədov Milli İstiqlal, Zərdüşt Əlizadə isə Sosial Demokrat partiyalarını təsis edərək AXC hakimiyyətinə müxalifətdə dayandılar. Bundan başqa, AXC-də təmsil olunan, lakin hakimiyyətin yüksək eşolonunda yer almayan şəxslər də müxtəlif adlar altında (Xalq Azadlıq, Birlik, Milli Birlik, Vəhdət, Vahid Azərbaycan Milli Birlik və s.) siyasi təşkilatlar formalaşdırmaqla Xalq Cəbhəsinin vahid eloktratını parçaladılar.
Hakimiyyət daxilində yaranmış ziddiyyətlər və bunun nəticəsində buraxılan səhvlər, dövlət idarəçiliyində təmsil olunan şəxslərin təcrübəsizliyi və hazırsızlığı, ölkədə, bölgədə və regionda baş verən hadisələrə münasibətdə vahid mövqenin formalaşmaması, rəsmi dövlət qurumlarının tabeçiliyindən kənarda silahlı qruplaşmaların mövcudluğu və onların törətdiyi özbaşınalıqlar, regionda marağı olan qüvvələrin dağıdıcı fəaliyyəti son nəticədə AXC hakimiyyətinin süquta uğramasına səbəb oldu.
Ölkə prezidenti Əbülfəz Elçibəy AXC hakimiyyətində təmsil olunan şəxslərin buraxdığı səhvlər ucbatından silahlı gücə çevrilmiş Sürət Hüseynovun Gəncədən başlatdığı qiyamın qarşısını almaq və vətəndaş qarşıdurmasına yol verməmək üçün həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etdi. Özü isə ölkədə sabitliyin təmin olunmasına maneə yaratmaq məqsədilə gerçəkləşdirilməsi ehtimal edilən siyasi oyunların qeyri-ixtiyarı iştirakçısına çevrilməmək üçün paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə yola düşdü.
Əbülfəz Elçibəyin Bakıda olmadığı dövrün əhəmiyyətli hissəsi ölkədə sabitliyin bərpa olunmasına, vahid dövlət idarəçiliyi sisteminin formalaşdırılmasına, iqtisadi problemlərin aradan qaldırılmasına, regional və beynəlxalq güc mərkəzləri ilə münasibətlərin tənzimlənməsinə sərf olundu. Daxili siyasi proseslər müxalifətin dağınıqlığı, əvvəlki kimi ictimai dəstəyə malik olmaması, aşırı siyasi ambisiyalar və digər səbəblərdən arxa plana keçdi.
1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyin təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı. Təəssüf ki, öz səriştəsizlikləri və aşırı iddiaları ilə AXC hakimiyyəti daxilində ziddiyyətlərin yaranmasına səbəb olan qüvvələr Əbülfəz Elçibəyin tarixi çağırışını düzgün dəyərləndirə bilmədilər, manipulyativ davranışlarla ölkədə sivil, etimadlı siyasi münasibətlər sisteminin formalaşması üçün üzərilərinə düşən vəzifələrdən yayındılar. Ölkəyə güclü və milli maraqlardan çıxış edən müxalifətin lazım olduğunu yaxşı başa düşən və bu missiyanın gerçəkləşməsi üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışan Əbülfəz Elçibəy xalıqın və dövlətin mənafeyi naminə iddialarından geri çəkilmək istəməyən qüvvələri bir araya gətirə bilmədi. Müxalifətin birliyi istiqamətində göstərilən səylərin müqavimətlə qarşılanması son nəticədə milli demokratik qüvvələrin vahid ideologiyası ətrafında birləşən insanların ümidsizləşməsinə, bir çox hallarda isə siyasi səhnəni tərk etmələrinə zəmin yaratdı.
Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCP daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – “islahatçılar”a və “klassiklərə” parçalandı. Partiyanın parçalanmasını istəməyən insanların göstərdikləri fədakarlıqlara baxmayaraq bir çox hallarda kənardan idarə olunan proseslərin qarşısını almaq mümkün olmadı.
Həmin dövrdə partiyanın parçalanmasının qarşısını məqsədilə açıq mesajlar verən və əməli addımlar atan şəxslərdən biri də Əbülfəz Elçibəyin müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Qüdrət Həsənquliyev idi.
2000-ci il iyul ayının 19-da AXCP-nin “klassiklar” adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Əks tərəfdə - AXCP-nin “islahatçılar” qanadında təmsil olunmasına baxmayaraq, Qüdrət Həsənquliyev “klassiklər”in müşavirəsinə qatıldı və çıxış edərək partiya üzvlərini təşkilatı parçalamamağa çağırdı. Lakin kimlərinsə ölüm yatağında olan Əbülfəz Elçibəyin adından istifadə etməsi  Qüdrət Həsənquliyevin birlik çağırışının real nəticəyə yol açmasına imkan vermədi. Beləliklə, Milli Azadlıq Hərəkatında, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan bir siyasi təşkilat ikiyə parçalandı.
Bu hadisədən 1 gün sonra Əbülfəz Elçibəy dünyasını dəyişdi.
Baş verənlərə baxmayaraq, Qüdrət Həsənquliyev və onunla eyni mövqeni paylaşan insanlar AXCP-nin bütövləşməsi üçün fəaliyyətlərini davam etdirdilər. 2001-ci ildə AXCP-nin yenidən vahid bir təşkilata çevrilməsi üçün partiyanın hər iki qanadının rəhbərliyi ilə danışıqlara başlanıldı. Lakin tərəflər əksər AXCP üzvlərinin vahid bir siyasi partiyada təmsil olunmaq istəklərini nəzərə almadılar. Öncədən partiyanın birləşdirilməsi üçün yaradılmış Təşkilat Komitəsində təmsil olunmağa, birləşdirici qurultayın çağırılmasına razı olsalar da sonradan öz əvvəlki mövqelərindən geri çəkildilər.
Baş verənlərə rəğmən AXCP-nin əksər rayon təşkilatları partiyanın bütövləşməsində qərarlı idilər. Məhz onların siyasi iradəsi və qətiyyəti nəticəsində AXCP-nin Birləşdirici Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. AXCP-nin vahid bir təşkilat kimi qorunub saxlanılmasında maraqlı olan rayon təşkilatlarının seçkili orqanları bəyanatla çıxış edərək AXCP-nin Birləşdirici Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşuldular.
2002-ci il avqustun 19-da Şəhriyar adına Mədəniyyət Sarayında AXCP-nin möhtəşəm birləşdirici qurultayı keçirildi. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edildi. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə AXCP-nin sədri seçildi. Qurultay Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin əsasını qoydu. AXCP Qurultayda elan olunan yeni siyasi istiqamətlə əslində Azərbaycan Xalq Cəbhəsinin və onun lideri Əbülfəz Elçibəyin vaxtilə elan etdiyi təməl ideoloji prinsiplərə qayıtdı. Qurultayda Azərbaycanda sivil və etimadlı siyasi münasibətlər sisteminin formalaşmasının vətəndaş cəmiyyəti quruculuğu prosesində aparıcı rola malik olduğu vurğulandı və partiya bu dəyərlərə söykənərək fəaliyyət göstərəcəyini bəyan etdi. Bütöv Azərbaycançılıq, təsanüdçülük, milli birlik və həmrəylik, konstruktvizim, sivil siyasi mübarizə, dövlətin və cəmiyyətin innovativ siyasi, iqtisadi və hüquqi islahatlar yolu ilə irəli aparılmasının vacibliyi önə çəkildi.
Elan olununan siyasi kursun demokratik dəyərləri, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin fundamental  prinsiplərini hələ tam mənimsəməmiş Azərbaycan cəmiyyətinin inkişafı üçün alternativsiz  bir yol olduğuna baxmayaraq, mövcudluqlarını siyasi qarşıdurmalar yolu ilə qoruyub saxlamağa çalışan qüvvələr birləşmiş AXCP-yə qarşı ən radikal mövqedən çıxış etməyə başladılar. Azərbaycan cəmiyyətini “parçala və hökm sür” prinsipi ilə idarə etməyə çalışan xarici dairələr də öz nüfuz müvəkkillərinin bütöv AXCP-yə qarşı apardıqları mübarizəyə açıq və birmənalı dəstək verdilər. Lakin birləşmiş AXCP-nin sədri Qüdrət Həsənquliyevin və partiyanın rəhbərliyində təmsi olunan şəxslərin qətiyyəti və nümayiş etdirdikləri prinsipial mövqe nəticəsində təşkilat Birləşdirici Qurultayda elan olunan siyasi kursundan bir addım da geri çəkilmədi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təqdim olunan təkzibedilməz faktlar və sənədlər əsasında birləşmiş Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi kimi tanısa da, sonradan xarici qüvvələrin təzyiqi qarşısında hökumət geri çəkildi və partiyanın dövlət qeydiyyatı ləğv olundu. Lakin bu hadisə də partiya üzvlərinin və rəhbərliyinin əzmini qıra bilmədi. Bütöv AXCP ölkənin əksər kütləvi informasiya vasitələrinin və siyasi qüvvələrinin təzyiqi, basqısı və informasiya blokadasına önəm vermədən, fəaliyyətini əzmlə davam etdirdi.
Partiyanın sədri Qüdrət Həsənquliyev 86 saylı İsmayıllı Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə 2003-cü ilin mart ayında keçirilən təkrar seçkilərdə iştirak etdi və əksər siyasi partiyaların, qeyri hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri təmsilçilərinin, eləcə Azərbaycanda dislokasiya olunmuş bütün beynəlxalq təşkilat və diplomatik korpus nümayəndələrinin müşahidə etdiyi seçki prosesini qələbə ilə başa vurdu.
Dövlət qeydiyyatı ilə bağlı yaranmış problemin həlli məqsədilə 2004-cü il aprelin 3-də partiyanın təsis konfransı çağırıldı və təsis konfransında Əbülfəz Elçibəyin mənəvi mirası olan, eləcə də partiyanın Məramnaməsində yer alan Bütöv Azərbaycançılıq məfkurəsi partiyanın adında yer aldı. Beləliklə Azərbaycan Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin ideoloji xəttinin davamçısı olan partiya fəaliyyətini Bütöv Azərbaycan Xalq Cəbhəsi adı ilə davam etdirməyə başladı.

 

BAXCP-nin iştirak etdiyi seçkilər

 

1) 2003, 2005, 2013-cü illər - Azərbaycan Rspublikası Prezidentinin seçkiləri
2) 2004, 2009-cu illər – Azərbaycan Respublikasının Bələdiyyə seçkiləri
3) 2003-cü il – Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər
4) 2005, 2010 – cu illər – Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər

Qeyd: Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu ildə keçirilən seçkilərə BAXCP Ədalət, Böyük Quruluş və Təkamül partiyaları ilə birgə təsis etdiyi “İslahat” seçki blokunun tərkibində  qatılıb.

BAXCP Azərbaycan Respublikasının Milli Məclisində 1 deputatla təmsil olunur.
BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev AVRONEST və NATO parlament assambleyalarındakı Azərbaycan nümayəndə heyətinin üzvüdür